Bu məqaləni üzvü olduğum Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiyası (AIIC) üçün fransızca yazmışam. Azərbaycan dilinə də sonra tərcümə etdim. İnglis, rumın, türk dillərinə də tərcümə edildi. Slovak və ispan tərcümələr hazırlanır.
Bu şəxslər Osmanlı İmperiyasında və daha sonra da Türkiyədə diplomatik və şifahi tərcümənin yaradıcı ataları hesab edilə bilər.
Tarix boyu başqa bir
dövlətlə əlaqə quran dövlətin diplomatlarına həyata keçirdikləri
missiyalarında yardım etmək üçün xarici dillərə bələd olan şəxslərin
köməyinə ehtiyac vardı. Söhbət Osmanlı İmperiyasında
« tərcüman » adlanan
şifahi və yazılı tərcüməçilərdən gedir. Tərcümanlıq az tanınan qurumdur
və onun tarixi Qərb dövlətlərinin Osmanlı İmperiyası ilə saxladığı
daimi əlaqələrin başlaması ilə bağlıdır
[i].
Müsəlman ölkələrində tərcümanlar VIII-ci əsrdə Abbasilər dövründə
ortaya çıxmışdır. Onlar həmçinin Misir Məmlükləri və Anadolu Səlcuqları
zamanı da mövcud olub. Səlcuqlar dövründə tərcüman fərman ilə təyin
edilirdi. Osmanlı İmperiyası bu ənənəni davam etdirdi
[ii].
Osmanlı İmperiyasında diplomatiya sahəsində yazılı və şifahi
tərcümənin tarixi tərcümanlarla sıx bağlıdır. Bu şəxslər Osmanlı
İmperiyasında və daha sonra da Türkiyədə diplomatik və şifahi tərcümənin
yaradıcı ataları hesab edilə bilər. Bu tarix Qərbin güclü dövlətləri
ilə ilk təmaslar və imzalanmış birinci müqavilələrlə başlayır.
1454-cü ildə Venetsiya
Balyos adlanan səfirini İstanbula göndərmişdi
[iii]. Venetsiya Respublikası kimi Polşa (1475), Rusiya (1497), Avstriya (1528), Fransa
[iv] (1535), İngiltərə (1583), Hollandiya (1612) Osmanlı İmperiyası ilə əlaqə qurmaq üçün səfir göndərmişdi.
Lakin bu qeyri-adi şəxsiyyətlərdən bəhs etmədən öncə
"tərcüman" sözünün etimologiyasına göz gəzdirək.
"Tərcüman" sözünün mənbəyi
"Tərcüman" sözünün haradan gəlməsi ilə bağlı bir çox fərziyyə irəli sürülür. Suryani mənşəli olan bu söz ərəbcəyə
(tardjumān) sonra isə tükrcəyə
(tercüman) keçmişdir.
Bu sözün ən qədim versiyaları
tagmâna və
targem-dir. O, latıncaya
(turchimannus, dragumanus, dracmandus, turchimannus), italyancaya
(drogmano, dragomanno, turcimanno), fransızcaya
(drughement, drugement, drogman, truchement), ispancaya
(turchiman, trujaman), almacaya
(dragoman), bolqarcaya
(драгоманин), portuqalcaya
(turgeman), serbcəyə
(terduman, dragomani), polyakcaya
(turdzyman), bizans yunancasına
(dragomanus) və flamandcaya
(droogman) keçmişdir.
O zamanlar bu söz türk dillərində
dilmaç və ya
tilmaç kimi istifadə olunurdu
. Hal-hazırda bu söz alman
(Tolmetsch sonra
Dolmetscher [v]), rus (
толмач, nadir şəkildə işlədilən söz), çex
(tlumoč), macar
(tolmács), makedon
(толкувач), polyak
(tłumacz) və. s.kimi bəzi Avropa dilləri tərəfindən alınmışdır. Günümüzün türkcəsində də istifadə edilməkdədir. Azərbaycan dilində
tərcüməçi və
dilmanc sözləri də istifadə edilir.
Osmanlı sənədlərində səfirlik və konsulluqların şifahi və yazılı tərcüməçilərdən bəhs edərkən
"tərcüman" sözü istifadə edildiyi halda bütün Avropa dillərində demək olar ki,
"drogman" sözü yayılmışdı
[vi]. Amma bu sözün orfoqrafiyası və tələffüzü bir dildən başqa dilə dəyişirdi. Yuxarıda digər dillərdən misalları gördük.
Tərcümanlar
Bâb-ı Âlinin və Qərbin Osmanlı İmperiyasındakı diplomatik
missiyalarının həm qərb və şərq dillərinə həm də Osmanlıların və Qərbli
insanların mədəniyyət fərqlərinə və davranış qaydalarına bələd olan
şəxslərə ehtiyacı vardı. Bu şəxslər Avropada
"droqman" kimi
tanınırdı. Tərcümanların yerinə yetirdiyi çoxsaylı vəzifələrə Bâb-ı Âli
və Qərb dövlətlərinin səfirləri və konsulları arasında siyasi və ya
ticari sahədə yazılı və şifahi tərcümə daxil idi. Məşriqdə məskunlaşmış
və "milli" və ya levantin
[vii]
mənşəli olan bu tərcüman sülalələri "osmanlı latınlığını" təmsil
edirdi. O zamandan etibarən Osmanlı imperiyasında mövcud olan
tərcümanlar bu imperiyanın çöküşünə qədər öz fəaliyyətlərini davam
etdirdilər. Osmanlı İmperiyasında tərcümanların iki böyük kateqoriyası
mövcud idi:
1. Sultan Divanının tərcümanları (Dîvân-ı Hümâyûn tercümanları)
Sultan Divanının tərcümanları
(Dîvân-ı Hümâyûn tercümanları)
Osmanlı İmperiyasının məmuru idi və eyni zamanda Qərbdə Baş Tərcümanlar
kimi də tanınırdılar. Tutduqları yüksək vəzifədə risklər də mövcud idi.
Tənzimatdan
[viii] öncə əhəmiyyətlərinə görə
Reis-ül küttâb [ix] dan sonra ikinci yeri tuturlardı.
Baş Tərcüman
(Baştercüman) və ya Bâb-ı Âlinin Baş Tərcümanı
(Bâb-ı âli baştercümanı) yazılı
və şifahi tərcüməçilərdən ibarət qrupun Baş Tərcüməçisi rolunu
oynayırdı. Onları müasir dövrümüzdə prezidentlər və nazirlər üçün
çalışan yazılı və şifahi tərcüməçilərlə müqayisə edə bilərik.
Baş Tərcümanın aşağıdakı vəzifələri var idi:
- Sədrəzəmin xarici nümayəndələrlə görüşlərinin şifahi tərcüməsi.
- Sultan və Sədrəzəmə xarici missiyalar tərəfindən ünvanlanmış məktubların görüşlər zamanı tərcüməsi.
- Sədrəzəmin xarici nümayəndələrlə baş tutan iclaslarında iştirak və bu toplantıların hesabatının hazırlanması.
- Xaricə göndərilən osmanlı nümayəndə heyətlərində iştirak.
- İkitərəfli danışıqlar zamanı şifahi tərcümə.
- Qərb dövlətlərinə göndərilmiş hər növ sənədin hazırlanması.
İlk dövrlərdə Baş Tərcümanlara danışıqlarda iştirak etməyə icazə
verilmirdi. Lakin bu praktika XVIII-ci əsrdə dəyişdi. Osmanlı
İmperiyasının bütün diplomatik fəaliyyətləri beləcə Baş Tərcümanların
əlində cəmləşmişdi. Onlar Osmanlı İmperiyasının diplomatiyasının ən
vacib məmurlarına çevrilmişdi.
1502-ci ildə Əli bəy Osmanlı İmperiyasının ilk Baş Tərcümanı oldu.
1502-1661-ci illərdə Baş Tərcümanlar alman, macar, italyan və. s,
icmalardan seçilirdi. 1661-ci ildə Panayotis Nikusiosun Baş Tərcüman
təyin edilməsi ilə yunanlar bu prestijli vəzifəni 1821-ci il Yunan
inqilabına qədər tutdular. Beləcə, la
Magnifica Comunità di Pera et Galata [x]
kimi tanınan xristian icmasının üzvləri XVII-ci əsrin ikinci yarısına
qədər Fənərin ortodoks yunanları ilə Osmanlı İmperiyasının Baş Tərcümanı
və Donanmanın Baş Tərcümanı vəzifələrini bölüşdülər. Bu icmaya aid olan
böyük sülalələrə Pisaniləri, Navoniləri, Timoniləri, Testaları,
Fontonları və digərlərini misal çəkmək olar.
2. Xarici missiyaların tərcümanları (səfirliklər, konsulluqlar)
Osmanlı İmperiyasına missiyalar göndərən Qərb dövlətlərinin həm
onların həm də Osmanlı administrasiyasında istifadə edilən dilini bilən
şəxslərə ehtiyacı vardı. İlk dövrlərdə xarici missiyalar bu şəxsləri
Konstantinopolun Fənər və Qalata məhəllələrindəki xristian icmalardan
seçirdi. Fənərin əhalisi ortodoks yunanlar və Peranın
(Beyoğlu) əhalisi isə çox vaxt italyan mənşəli Latınlardan
[xi] ibarət idi. Sonradan Qərb ölkələri yerli tərcümanlara inam bəsləmədikləri üçün öz tərcümanlarını yetişdirməyə başladılar.
Bu tərcümanlar katib-tərcüməçi rolunu oynayır və osmanlı
administrasiyasının nümayəndələri ilə görüşləri və orada istifadə edilən
sənədləri tərcümə edirlərdi. Onlar diplomatları müşayiət edir, səfirlik
və ya konsulluqlarda yaşayırdılar. Tarixçi Baron dö Hammer, Bianchi,
Jaubert, Huart, Schlechta-Wssehrd, M. Hartmann və digərləri kimi bir çox
böyük şərqşünas karyeralarında tərcüman vəzifəsini tutmuşdur. Biz
onları çox vaxt səfirlikdə şifahi və yazılı tərcüməçi rolunu oynayan
mətbuat ataşeləri ilə müqayisə edə bilərik.
Qərblilərin öz tərcümanlarını bu ailələrdən seçməsinin səbəblərindən
biri əsas mənbəyi islam dini olan osmanlı adətlərinə görə Avropalıların
dillərini öyrənməyin qadağan olması idi. Qərblilər kafir kimi
tanınırdılar. Müsəlman dövlətləri ilə xristian dövlətləri eyni səviyyədə
deyildi. Avropa ölkələri "
Dar ül-cihad " (Cihad qapısı), "
Diyar-ı küfr
" (Kafirlik dünyası) və digər şəkillərdə adlanırdı. Bir müsəlmanın bu
ölkələrdə çox qalmasına da yaxşı baxılmırdı. Osmanlıların üstünlük
hissini də unutmamaq lazımdır. Sultanlar (
padişah) və sədrəzəmlər (
sadr-ı a´zam)
Qərb dövlətlərin göndərdikləri elçilərə qarşı alçaldıcı şəkildə
davranırdı. Bütün bu səbəblərə görə XIX-cu əsrin sonuna qədər Osmanlı
İmperiyası Qərb ölkələrində səfirlik açmamışdır.
Osmanlı İmperiyası və Qərb dövlətləri arasında əlaqələrin artması ilə
tərcümanlar bütün ehtiyacları ödəyə bilmirdi. Beləcə hər bir ölkə digər
həll yollarını tapmağa qərar verdi. 1551-ci ildən başlayaraq Venetsiya
tərcüman olmaq üçün gənc oğlanları
(Giovani di lingua)
Konstantinopola təhsil almağa göndərirdi. Raquza Respublikası, Polşa və
Fransa da bu təşəbbüsü davam etdirdilər. 1626-cı ildə fransız Kapusinlər
fransız, türk, latın, italyan və xalq dili olan yunancanın tədris
edildiyi məktəbi
[xii] Konstantinopolda açdılar. Bu məktəb Fransanın xidmətində olmuş tərcümanların ilk mərkəzini təşkil edirdi. 1669-ci ildə Kolber
(Colbert) Konstantinopolda "Dil oğlanları" məktəbi
[xiii](Jeunes de langue) adlanan
tərcümanlar məktəbinin əsasını qoydu. Bu məktəb pulsuz idi və Marselin
Ticarət Palatası onun bütün xərclərini öz üzərinə götürmüşdü. Məqsəd
sadəcə yerli ailələrdən tərcümanların işə alınmasının qarşısını almaq
idi. "Yerli" tərcümanlar Osmanlı sultanının təbəsi idi. Onların
sədaqətinə bəzən şübhə ilə yanaşılırdı. Fransızcaları da zəif olduğu
üçün danışıqlar zamanı risklər yaradırdı. Buna görə də gənc oğlanları
seçib onlara şərq dillərini erkən yaşlardan öyrətmək fikri ortaya çıxdı.
Qərb ölkələrindən və Osmanlı İmperiyasının müxtəlif ərazilərindən gəlmiş gənc oğlanlar təhsil alır və türk, ərəb və farscanı
(elsine-i selâse [xiv]) öyrənirdilər. Təhsillərini başa vurduqdan sonra onlar "dil oğlanı"
(Garçons de langue) kimi
tanınırdılar. Zamanla bu tələbələr diplomatik əlaqələrin bir hissəsinə
çevrilir, sadəcə Bâb-ı Âli və Qərb dövlətlərinin elçiləri arasında
yazılı və şifahi tərcüməçi deyil həmçinin şərq mədəniyyətlərinin
mütəxəssisi kimi yetişirdilər. "Bəratlı"
[xv] adlanan tərcümanları da əvəz edirdilər.
XVIII-ci əsrin əvvəllərində Dil Oğlanları Məktəbinin şagirdləri
məcburi çalışma kimi türk, ərəb və fars dilində olan əlyazmaları tərcümə
etməli idilər. Məqsəd Fransa kralının kitabxanasını zənginləşdirməkdən
ibarət idi. Bu tərcümə siyasəti Kolber
(Colbert) zamanı
başlanılmış şərq əsərlərinin əldə edilməsi siyasətinin düşünülmüş və
planlı olan ümumi axını çərçivəsində həyata keçirilirdi. Əlyazmaların
tərcüməsi fikri Dəniz naziri olan qraf dö Moröpaya
(compte de Maurepas)
aid idi. Tərcümələrin əksəriyyəti hal-hazırda Fransa Milli
Kitabxanasında saxlanılır. Bu tərcümələrə həm nağıllar, tarixi, hərbi,
diplomatik mətnlər həm də müqavilələr, qanunlar və kilsə qanunları daxil
idi.
İngilislər də Konstantinopoldakı Britaniya səfirliyinə sadiq olan
tərcümanları hazırlamağa çalışdı. Oksford yunan koleci gənc yunan
oğlanları anqlikan məzhəbinə qəbul etməli idi. Qüds patriarxı və Bâb-ı
Âlinin Baş Tərcümanı Aleksandr Mavrokordato Osmanlı İmperiyasının
göstərə biləcəyi reaksiya üzündən buna qarşı çıxdılar.
Müsəlman mədəniyyətini və dillərini dərindən bilmələri ilə
tərcümanlar Osmanlı İmperiyası və Qərb arasında biliklərin ötürülməsində
aparıcı rol oynamış və beləcə Osmanlı Imperiyası tarixində vacib yer
tutmuşlardır.
Azərbaycancaya tərcümə edən Elvin ABBASBƏYLİ.
[i] MARGHETITCH, S. G.,
Étude sur les fonctions des Drogmans des missions diplomatiques ou consulaires en Turquie (Constantinople, 1898). səh. 3
[ii] ORHONLU, Cengiz. ‘Tercüman’,
İslam Ansiklopedisi (İstanbul: MEB, 1993), 175., səh. 176, sitat gətirən POLATCI,
Osmanlı diplomasisinde oryantalist memurlar (Osmanlı belgeleriyle diloğlanları ve tercümanlar). səh. 42
[iii] Balyos italyan mənşəli sözdür. Əvvəllər
Bailo
Avropa ölkələrinin konullarına verilən ad idi. Amma bu ad əsasən
Venetsiya Respublikasının Osmanlı İmperiyasına göndərilmiş nümayəndələri
üçün istifadə edilirdi. Venetsiyanın Osmanlı İmperiyasındakı ilk
bailo-su
1454-cü il müqaviləsinin imzalanması ilə təyin edilmişdir. Sonralar bu
ad digər ölkələrin nümayəndələri və səfirlərindən bəhs edilərkən
istifadə edilməyə başladı.
[iv] 1535-ci ildə Fransua I Qanuni Süleyman ilə ittifaqa girdi. Eyni ildə Fransanın ilk səfirliyi Konstantinopolda açıldı.
[v] Müasir almancada sinxron tərcüməçilər
"Dolmetscher" sözü ilə ifadə edilir.
[vi] KINLI. səh. 83, sitat gətirən POLATCI,
Osmanlı diplomasisinde oryantalist memurlar (Osmanlı belgeleriyle diloğlanları ve tercümanlar). p. 41-42
[vii] Levantin : Şərqin latın xalqını və ya osmanlı latınlığını əsrlər boyu təşkil etmiş icmaların hamısı.
[viii] Osmanlıcada "yenidən təşkil" mənasını verən Tənzimat dövrü Osmanlı İmperiyasında 1839-1876-cı illərdəki müddəti əhatə edir.
[ix] Osmanlı İmperiyasında
Reis-ül küttâb Xarici İşlər Naziri funksiyasını yerinə yetirirdi.
[x] Osmanlı sultanının Qalatadakı qeyri-müsəlman təbəsi
Magnifica Comunità di Pera adlı məşhur şurası tərəfindən idarə edilirdi.
[xi] Qalatanın latın ailələri: Navonilər, Qrillolar, Olivierilər, Fornettilər, və s.
[xii] Kapusinlərin Dil Oğlanları Məktəbi.
[xiii] Bu məktəb Parisə köçürüldü və bu gün İNALKO (Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu) adlanır.
[xiv] Üç dil.
[xv] Bəratlı sözü
berât, sözündən gəlir. Bu
berât
onlara xidmət etdikləri dövlətlərin vətəndaşlarına Kapitulyasiyalar
tərəfindən təmin edilən ticari və vergi imtiyazlarını verirdi.