Əcnəbi həmkarlarımın sinxron tərcümə barədə yazdıqları bloqları tez-tez və böyük maraqla oxuyuram. Mən də sinxron tərcümə haqqında azərbaycan tükcəsində bir bloq yaratmaq həvəsinə düşdüm. Düzü birinci bloqu 2009-cu ildə yaratmışdım. Amma işin çoxluğu, vaxtın azlığı və həvəsin getdikcə "buxarlanması" nəticəsində bu bloq yaradıldığı kimi qaldı. Və bu gün o bloqu məhv etdim :) Yeni bloqa da eyni adı verdim: "From the azerbaijani booth", yəni "Azərbaycan sinxron tərcümə kabinindən".
Zalın tərkib hissəsi olan kabin |
Elə bismillah edən kimi bu məsələyə toxunum. Düzü, ingilis dilindəki BOOTH, fransız dilindəki CABINE sözünün bizim dildə çox sevmədiyim bir tərcüməsi var...KÖŞK. Nəsə bu sözü eşidəndə qəzet köşkü yadıma düşür. Bəzən sinxron tərcümə KABİNİNƏ sadəcə konfrans zalından akvariumdakı qırmızı balığa və ya qəfəsdəki meymuna uşaq marağı ilə baxdığı qədər baxan şəxslərdən OTAQ sözünü də eşitmişəm.
Daşınan kabin |
Bəzilərindən KABİNKA sözünü də eşitmişəm. Bu da rus dilindən gəlir. Rus dilinin bizə "bəxş etdiyi" sözlərdən biri də BUTKA sözüdür. Bu da düzgün istifadə olmazdı, çünki BUTKA sözü daşınan kabini (türkcədə « taşınabilir kabin ») bildimək üçün istifadə edilirsə (yuxarıdakı konfrans zalındakı daşınan kabinlər), bəs onda konfrans zallarının tərkib hissəsi olan kabinlərə BUTKA demək nə dərəcədə düzgün olardı (mənim fotomdakı kabin)? Məncə, dildə bir texniki məhfum üçün bir-neçə sözə ehtiyac yoxdur. Bir söz yetər.
Həmkarlarım və qeyri-həmkarlarım məni dilimizə yeni söz gətirməkdə günahlandıra bilər. Amma, bu BOOTH sözünün dilimizdə Terminologiya komissiyası tərəfindən rəsmi tərcüməsi tapılmayana qədər mən KABİN deməyə davam edəcəyəm. Ola bilsin Fransada sinxron tərcümə təhsili almış olduğum üçün fransız dilindəki "la cabine d'interprétation" sözünü götürüb istifadə edirəm. Amma, Türkiyə türkcəsində ingiliscədəki "mobil booth for simultaneous interpretation" simültane tercüme için taşınabilir kabin kimi tərcümə edilir. Türkiyəli sinxronçular da bunu fransız dilindən alıb, çünki Tükriyənin ilk sinxronçuları Fransa və İsveçrədə fransızdilli sinxronçular tərəfindən hazırlanıb. Aşıq da gördüyünü çağırar.
Türkiyə sinxron tərcümə sahəsində Azərbaycandan ən azı 50 il öndədir. Bu haqqda başqa bir zaman yazaram. Türkiyədə bu sahə daha çox inkişaf etdiyi üçün bir çox sözü onlardan almaq olar.
Bu videoda Avropa Parlamentinin çoxsaylı iclas zallarında olan sinxron tərcümə kabinlərindən birini görə bilərsiniz. Hamısı təxminən eyni stildə olur.
Strazburq
Strazburq
Aucun commentaire:
Enregistrer un commentaire