jeudi 15 septembre 2011

SİNXRONÇU MOZALAN


Bəzən missiyalar zamanı maraqlı və gülməli hadisələr baş verir. Bunlar ya mənim  ya da mənim hörmətli həmkarlarımın başına gəlir. Rast gəldiyim və gördüyüm belə halları"qələmə almaq" qərarına gəldim. Rəsmlərin keyfiyyətinə görə öncədən üzr istəyirəm. Əsas ötürülən ismarıcdır :) 

Brüssel

lundi 12 septembre 2011

YAZILI VƏ SİNXRON TƏRCÜMƏ


TERMİNOLOGİYA PROBLEMLƏRİ

İngilis dilindəki TRANSLATION və INTERPRETING sözlərinin hər iksi bizim dilə TƏRCÜMƏ kimi çevrilir. Amma dəqiq ifadə etməyə çalışsaq TRANSLATION sözünü "yazılı tərcümə" və INTERPRETING kəlməsini də "şifahi tərcümə" kimi verə bilərik. Türkiyədə bu dərdin dərmanı çoxdan tapılıb. Beləcə, TRANSLATION "tercümə" və INTERPRETING isə "çeviri" kimi tərcümə edilir. Amma, bu sahəni yaxşı bilməyən şəxs təbii olaraq terminləri kefi istədiyi kimi "kullanır". Rəsmi olaraq Türkiyədə TRANSLATOR "mütercim" və ya "tercüman" kimi göstərilir. INTERPRETER isə çevirmən olaraq tərcümə edilir. CONFERENCE INTERPRETER  bizim dildə "sinxron tərcüməçi", Türkiyədə isə "konferans çevirmeni" kimi göstərilir. CONFERENCE INTERPRETING bizim ana dilimizdə "sinxron tərmüməçilik", Türkiyədə isə "Konferans tercümanlığı" kimi çevrilir. Bunlar bir-birindən fərqli işdir. Bu misal bizim dilimizdə terminologiyanın nə qədər inkişafa ehtiyacı olduğunu sübut edən minlərlə misaldan biridir.

Strazburq

SINXRON TƏRCÜMƏÇİNİN DİL KOMBİNASİYASI






         Vatım az olduğu üçün bu bloqda çox yazı yerləşdirə bilmirəm. Amma boş vaxt tapdıqca ürəyimi WORD səhifəsinə boşaıdıram və normal bir mətn əmələ gədəndə onu bloqa yerləşdirirəm.  Bayaq internetdə axtarış apararkən bu sayta rast gəldim. 


           Düzü bu saytın mövcudluğundan neçə illərdir ki xəbərim var amma indi orada həmkarlarimın yaratdıqları bloqlar siyahıya alınıb. Öz bloqumu bu bloqlar içində görmək mənə xoş bir surpriz oldu.  Bundan sonra gərək daha ciddi yanaşım bu bloqqerlik işinə. Olmasa bloqumu siyahıdan çıxararlar  :)

Bu dəfəki yazımda sinxron tərcümənin bazasını və ya baza prinsipllərindən birini təşkil edən bir məsələdən danışmaq istərdim sizlərə. 

Bu DİL KOMBİNASİYASI və ya türkün məsəli DİL SINLFLANDIRMASI, DİL DAĞITIMI deyilən bir “mücərrdəd” bir məhfumdur. 

Dil kombinasiyası 
(ingiliscədə: Language Combination , fransızcada: Combinaison linguistique).

Sinxron tərcüməçilər “aktiv” və “passiv” dillərdə danışır və tərcümə edir. İzah edim.


Aktiv dillər

A dili : sinxron tərcüməçinin ana dili (və ya ana dili kimi hakim olduğu dil). O, bütün digər işlək dillərindən bu dilə həm ardıcıl (consecutive) həm də sinxron olaraq tərcümə edir. Bəzi sinxron tərcüməçilərin 2 A dili olur. Şəxsən 3 A dili olana da rast gəlmişəm.
B dili : ana dili olmasa belə mükəmməl sinxron tərcüməçinin mükəmməl bildiyi dil. O, bu dilə digər dillərindən tərcümə edir. Bəzi sinxron tərcüməçilər B dillərinə ya ardıcıl ya da sinxon şəkildə işləyir. Amma bir çoxu hər iki formada işləyə bilir. Bəzi tərcüməçilərdə 2 B və nadir hallarda isə 3 B ola bilir.

Passiv dillər 

C dili : sinxron tərcüməçinin mükəmməl şəkildə başa düşdüyü dil. Avropa İttifqaında çalışan sinxronçularda C dili ən azı 3 dənə olmalıdır. Mən 5, 6, 7 və 8 C dili olana da rast gəlmişəm. Bunlar təbii ki, 20-30 illik iş təcrübəsi olan sinxron tərcüməçilərdir.

Mənə inanmırsınızsa türkiyəli qardaşlarımızın rəsmi internet səhifəsinə gedib baxın  :)

Hələlik bu qədər…


Paris


 

jeudi 8 septembre 2011

SİNXRON NOSTALGİYA


Sinxron tərcümə məktəbində təhsil aldığım illərdə internetdən bu sahəyə aid tanınmış ingilis tərcüməçisinin kitabını aldım. Bu kitab mənə çox kömək etdi. Yaxında kitabın müəllifi ilə Avropa Parlamentində eyni iclasda tərcümə edəcəm. Kitabı da özümlə götürəcəm. Fasilə vaxtı avtoqraf almaq fikrim var :) Ən əsası ona təşəkkür etməliyəm. Onun da hardasa mənim üstümdə əməyi var. Kitabı alan zaman müəlliflə nə zamansa birlikdə işləyəcəyimi düşünə belə bilməzdim. 
 
Qəribə hisslərdir...Bu hissləri üzdəniraq Qorbaçovun əfsənavi tərcüməçisi ilə Avropa Şurasında eyni iclasda işləyəndə yaşadım. Amma burada hisslər kəllə-çarxa vurmuşdu. Çünki uşaq olarkən onu TV və qəzetlərdə Reyqan, Buş və başqa dövlət xadimləri ilə görüşləri tərcümə edərkən görürdüm. Amma indi biz bir yerdə işləyirik. Həyat doğrudan da qəribədir :)


Pavel Palajçenko 



 
Strazburq

mercredi 8 juin 2011

SİNXRON TƏRCÜMƏ KABİNİ





Əcnəbi həmkarlarımın sinxron tərcümə barədə yazdıqları bloqları tez-tez və böyük maraqla oxuyuram. Mən də sinxron tərcümə haqqında azərbaycan tükcəsində bir bloq yaratmaq həvəsinə düşdüm. Düzü birinci bloqu 2009-cu ildə yaratmışdım. Amma işin çoxluğu, vaxtın azlığı və həvəsin getdikcə "buxarlanması" nəticəsində bu bloq yaradıldığı kimi qaldı. Və bu gün o bloqu məhv etdim :) Yeni bloqa da eyni adı verdim: "From the azerbaijani booth", yəni "Azərbaycan sinxron tərcümə kabinindən".



Zalın tərkib hissəsi olan kabin
Elə bismillah edən kimi bu məsələyə toxunum. Düzü, ingilis dilindəki BOOTH, fransız dilindəki CABINE sözünün bizim dildə çox sevmədiyim bir tərcüməsi var...KÖŞK. Nəsə bu sözü eşidəndə qəzet köşkü yadıma düşür. Bəzən sinxron tərcümə KABİNİNƏ sadəcə konfrans zalından akvariumdakı qırmızı balığa və ya qəfəsdəki meymuna uşaq marağı ilə baxdığı qədər baxan şəxslərdən OTAQ sözünü də eşitmişəm. 
 
Mən bunu da qəbul edə bilmədim nədənsə...


Daşınan kabin
Bəzilərindən KABİNKA sözünü də eşitmişəm. Bu da rus dilindən gəlir. Rus dilinin bizə "bəxş etdiyi" sözlərdən biri də BUTKA sözüdür. Bu da düzgün istifadə olmazdı, çünki BUTKA sözü daşınan kabini (türkcədə « taşınabilir kabin ») bildimək üçün istifadə edilirsə (yuxarıdakı konfrans zalındakı daşınan kabinlər), bəs onda konfrans zallarının tərkib hissəsi olan kabinlərə BUTKA demək nə dərəcədə düzgün olardı (mənim fotomdakı kabin)? Məncə, dildə bir texniki məhfum üçün bir-neçə sözə ehtiyac yoxdur. Bir söz yetər.

Həmkarlarım və qeyri-həmkarlarım məni dilimizə yeni söz gətirməkdə günahlandıra bilər. Amma, bu BOOTH sözünün dilimizdə Terminologiya komissiyası tərəfindən rəsmi tərcüməsi tapılmayana qədər mən KABİN deməyə davam edəcəyəm. Ola bilsin Fransada sinxron tərcümə təhsili almış olduğum üçün fransız dilindəki "la cabine d'interprétation" sözünü götürüb istifadə edirəm. Amma, Türkiyə türkcəsində ingiliscədəki "mobil booth for simultaneous interpretation" simültane tercüme için taşınabilir kabin kimi tərcümə edilir. Türkiyəli sinxronçular da bunu fransız dilindən alıb, çünki Tükriyənin ilk sinxronçuları Fransa və İsveçrədə fransızdilli sinxronçular tərəfindən hazırlanıb. Aşıq da gördüyünü çağırar.


Türkiyə sinxron tərcümə sahəsində Azərbaycandan ən azı 50 il öndədir. Bu haqqda başqa bir zaman yazaram. Türkiyədə bu sahə daha çox inkişaf etdiyi üçün bir çox sözü onlardan almaq olar.


 
Bu videoda Avropa Parlamentinin çoxsaylı iclas zallarında olan sinxron tərcümə kabinlərindən birini görə bilərsiniz. Hamısı təxminən eyni stildə olur.  

Strazburq